Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    
Image

Tarix

- 1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur.

- 1926-ci ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır.

- 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır.

- 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırki Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi.

- Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı.

- Bu sahələrin inkişafı və köklü irəliləyişlər isə milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 2000-ci ildə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edildi. Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli, 623 saylı fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır.

- "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır.

- Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

- Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2012-ci il 04 aprel tarixli 604 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yanında dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edən Dövlət Metrologiya Xidməti yaradılmışdır.

- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən ləğv edilən Dövlət Metrologiya Xidmətinin bazasında yaradılmış. Həmçinin Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən təsərrüfat hesablı  AzTEST Təcrübə-Sınaq Mərkəzi ləğv edilərək, balansında olan metroloji avadanlıqlarla və işçi heyəti ilə birlikdə Azərbaycan Metrologiya İnstitutun tərkibinə verilmişdi.

- Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlətin funksiyalarını yerinə yetirən yeganə dövlət metroloji xidmət orqanıdır.

 - 23 fevral 2018-ci il tarixində “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərə əsasən Azərbaycan Metrologiya İnstitutu ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatlar, verilənlərin informasiya bazaları, attestasiya edilmiş ölçmə metodikaları (metodları), dövlət kəmiyyət vahidi etalonları, standart nümunələrin və ölçmə vasitələrinin təsdiq edilmiş tipləri, ölçmə vasitələrinin yoxlanılmasının nəticələri haqqında məlumatlar toplusu, dövlət tənzimlənməsi sahəsinə aid olan ölçmələrin vahid siyahısı ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkilini, məlumatların daxil edilməsi və həmin məlumatların verilməsini təmin edir. Bununla yanaşı İnstitut ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə nəzarət edir.

- Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin  2018-ci il 20 aprel tarixli 5 nömrəli sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmişdi. Ləğv edilmiş Komitənin metrologiya sahəsi üzrə səlahiyyətləri Azərbaycan Metrologiya İnstitutuna verilmişdi.