Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    

Azərbaycan Metrologiya İnstitutuna COOMET-in tanınma haqqında şəhadətnaməsi təqdim edilib

Azərbaycan Metrologiya İnstitutuna (AzMİ) etalon laboratoriyaları üzrə Keyfiyyəti İdarəetmə Sistemini növbəti beş il ərzində təsdiq edən COOMET-in tanınma haqqında şəhadətnaməsi təqdim edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndələri Özbəkistanda keçirilən Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) Keyfiyyət Forumunun iclasında iştirak edib. İclasda təşkilat tərəfindən AzMİ-nin etalon laboratoriyalarında keçirilən “ISO/IEC 17025:2017 Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər” beynəlxalq standartının tələblərinə uyğunluğun qiymətləndirilməsi üzrə auditin nəticələri elan edilib. AzMİ-yə etalon laboratoriyaları üzrə Keyfiyyəti İdarəetmə Sistemini növbəti beş il ərzində təsdiq edən COOMET-in tanınma haqqında şəhadətnaməsi təqdim edilib.
Şəhadətnamə termometriya (bədən temperaturunun ölçülməsi), ionlaşdırıcı şüalanma, elektrik və maqnetizm, kütlə və onunla əlaqəli olan kəmiyyətlərə (təzyiq, sıxlıq və özlülük) dair ölçmə növlərini əhatə edir, İnstitutun digər ölkələr qarşısında səriştəliliyini və etibarlılığını təsdiq edir.
Səfər çərçivəsində həmçinin Azərbaycan və Özbəkistan Milli Metrologiya İnstitutlarında fəaliyyət göstərən etalon laboratoriyalarının beynəlxalq tutuşdurmalarda iştirakı, qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıq imkanları müzakirə edilib.
____________________________________________________________________________
QEYD: 1991-ci ildə təsis edilmiş Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (COOMET) dünyanın 19 ölkəsindən olan dövlət metrologiya qurumlarını özündə birləşdirən regional təşkilatdır. Avropa və Asiya ölkələrində ölçmə vasitələrinin vəhdətinin təmin edilməsi, milli iqtisadiyyatlar arasında əməkdaşlığın inkişafı və beynəlxalq ticarətdə texniki maneələrin aradan qaldırılması sahələrində fəaliyyət göstərir.

Image