Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    
İONLAŞDIRICI  ŞÜALANMA VƏ RADİOAKTİVLİK  LABORATORİYASI

 Azərbaycan Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında (AEBA) ilə Texniki Əməkdaşlıq
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik  (AEBA) – dünyada nüvə energetikasının istifadəsi sahəsində ən aparıcı təşkilatlardan biridir. AEBA 1957-ci ildə iyulun 29-da «Sülh məqsədli atom» şüarı altında Birləşmiş Millətlər Təşkilatı çərçivəsində yaradılıb. Vaxtilə 18 ölkənin dəstəyilə yaradılan qurum hazırda özündə 151 dövləti birləşdirir. Təşkilatın əsas vəzifəsi üzv ölkələrin strateji maraqlarının müdafiəsi və onların təzlükəsizlyini təmin etməkdən ibarətdir.
Azərbaycanla Beynəlxalq Agentlik arasında əlaqələr 2001-ci ildən qurulub. Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyevin 13 fevral 2001-ci il (№ 75-IIQ) fərmanına əsasən “Azərbaycan Respublikası 1956-cı il oktyabrın 23-də təsdiq olunmuş Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Nizamnaməsinə qoşulması haqqında” AR Qanunu təsdiq edilmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 9 dekabr 2003-cü il (№ 547-IIQ) fərmanına əsasən isə  «Nüvə materialının fiziki mühafizəsi haqqında» Konvensiyaya qoşulmaq barəsində AR Qanunu təsdiq edilmişdir.
Qurumla əməkdaşlıq nəticəsində AEBA Azərbaycanda gələcəkdə nüvə enerjisinin tədbiq edilməsi və radiasiyanın öyrənilməsi ilə bağlı yoxlamalar aparır. Nüvə səhiyyəsi, nüvə enerji radiasiyası və onun tibbdə istifadəsi, nüvə və radiasiya təhlükəsizliyi, tullantıların ətraf mühitə vurduğu zərər və onların öyrənilməsi, nüvə enerjisinin arxeoloji və mədəni irsinin öyrənilməsi, radiasiya metrologiyası, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrlə bağlı AEBA tərəfindən Azərbaycanda müxtəlif qurumlarla birgə çox sayda milli və regional layihələr həyata keçirilir, təlim kursları, seminarlar keçirilir, yüzlərlə azərbaycanlı mütəxəssislər agentliyin xəttilə beynəlxalq təcrübəyə yiyələnirlər.
Ölkəmiz 2009-cu ildən agentliyin müdirlər şurasının üzvüdür, həmçinin agentliyin illik keçirdiyi Baş konfransının fəal iştirakçılarındandır.
Hazırda Agentlik arasında 2015-2020-ci illər üzrə Ölkə üzrə Çərçivə Proqramı (CPF) imzalanmış və müvafiq qurumlar tərəfindən təsdiq edilmişdir.
İndiyədək AEBA “Azərbaycan Metrologiya İnstitutu”nda 2 milli layihəni həyata keçirmiş və 1 milli layihə davam etməkdədir.

LAYIHƏ 1. AZB/6005
“Etalon Dozimetrik Laboratoriyası” (SSDL)

XIX əsrin 60-cı illərindən başlayaraq dünyada radiasiya və şüa terapiyası sahəsində dəqiq dozimetrik ölçmələrə böyük təlabat yaranmışdır.  Bu məqsədlə çoxlu sayda xüsusiləşdirilmiş dozimetrik ölçü cihazların kalibrlənməsi Etalon Dozimetrik Laboratoriyaların yaradılması (SSDL) üçün böyük təkan verdi. Etalon Dozimetrik Laboratoriyaları – Beynəlxalq vahidlər sistemində iştirak edən ilkin etalonları izləyərək ikinci etalonlarla təchiz olunmuş laboratoriyadır.
Azərbaycanda hər il kalibrlənməyə və yoxlamaya ehtiyac olan çoxlu sayda dozimetrik, radiometrik və rentgen diapazonunda işləyən cihazlar mövcuddur. Belə cihazlar əsasən neft-kimya, neft emalı, elmi-tədqiqat institutlarında, səhiyyə və geoloji kəşfiyyat sahələrində daha geniş yayılmışdır. Respublikada radiasiya və nüvə təhlükəsizliyi, radiologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemləri aktual xarakter kəsb etməsi və infrastrukturun kəskin artması ilə əlaqədar olaraq belə cihazların sayı getdikcə artmış və onların yoxlanılması və kalibrlənməsi uzun müddətdir ki, həyata keçirilməmişdir. Eləcədə son zamanlar Azərbaycan Respublikasına yüksək aktivlikli qamma terapevtik qurğuların gətirilməsi və səhiyyə sahəsində çoxlu sayda Rentgen qurğularının və rentgen diapazonunda işləyən dozimetrik cihazların uzun müddət kalibrə olunmaması insanların sağlamlığını təhlükə altına qoymuşdur.
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında “Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən “Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmuş ölçmə vasitələri istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmə vasitələrindən istifadə edən şəxslər onları yoxlama dövriliyinə uyğun olaraq yoxlamaya təqdim edirlər”. Dövri yoxlama müddəti bitmiş ölçmə vasitələrinin istifadəsi qadağandır və onlar vasitəsilə aparılmış ölçmələrin nəticələri etibarsız sayılır.
İndiyədək respublikamızda ionlaşdırıcı şualanma ölçmə vasitələrinin kalibrləmə laboratoriyası olmadığından bu tip ölçmə vasitələri dövrü yoxlama üçün ya qonşu ölkələrə aparılırdı, ya da dövri yoxlamadan keçirilmədən istismar  olunurdu. Məhz bu baxımdan Azərbaycanda AEBA tərəfindən “Etalon Dozimetrik Laboratoriyasının” (SSDL) yaradılması layihəsi zəruri hesab edilmiş və Texniki Əməkdaşlıq Çərçivə Proqramına əsasən “Etalon Dozimetrik Laboratoriyasının (SSDL)” yaradılması layihəsi (AZB/6005) AEBA-nın 2009-2012-ci illər üzrə Fəaliyyət Planına daxil edilmişdir. SSDL laboratoriyaları – milli laboratoriyalar hesab edildiyindən, bu tip laboratoriyalar ölkə daxilində qanunverici əsaslarla fəaliyyət göstərən metroloji institutlarda, mərkəzlərdə və ya xidmətlərdə olmalıdır. Hazırda “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi sahəsində qanunverici əsaslarla fəaliyyət göstərən hüquqi metroloji orqanıdır və “Etalon Dozimetrik Laboratoriyası (SSDL)” İnstitutun balansında yerləşir və “İonlaşdırıcı şüalanma və radioaktivlik ölçmə vasitələrinin kalibrlənməsi və yoxlanması” şöbəsi kimi fəaliyyət göstərir”.
Layihə çərçivəsində laboratoriya binasının inşası AEBA standartlarına uyğun olaraq, Azərbaycan Respublikası tərəfindən həyata keçirilmiş, etalon sinif qamma (Cs-137) və rentgen şüalandırıcı qurğuları və onların köməkçi avadanlıqları isə AEBA tərəfindən təchiz olunmuşdur. Laboratoriyanın avadanlıqları 2013-cü ildə ABŞ-ın “Hopewell Design Inc” şirkətinin mütəxəssisləri tərəfindən quraşdırılmış, Belarusiya Metrologiya İnstitutunun – BelGİM ekspertləri isə metroloji sınaqlar keçirmişdir və 2014-cü ildən etibarən laboratoriya tam rəsmi fəaliyyətə başlamışdır. Laboratoriyada mövcud olan cihazlar ABŞ, Avstriya və Almaniya istehsalıdır. Laboratoriyanın əməkdaşları AEBA xəttilə Avstriya, Belarusiya və Türkiyədə təlim kurslarında iştirak etmiş və beynəlxalq sertifikatlara malikdirlər.
AEBA-nın və Dünya Sağlamlıq Təşkilatının (IAEA/WHO) tələblərinə görə, AEBA-nın üzvü olan ölkələrdə AEBA dəstəyi ilə yaradılmış bütün bu tip laboratoriyalar AEBA-nın “SSDL Network Charter” üzvlük elektron şəbəkəsinə qoşulurlar. Bunun məqsədi bu laboratoriyaların il ərzində görülən işləri haqqında AEBA tərəfindən müvafiq publikasiyaların, jurnalların dərc edilməsindən və laboratoriyalar arası qarşılıqlı əlaqələrin və fəaliyyət istiqamətlərinin artırılmasından ibarətdir.
Hazırda “Azərbaycan SSDL”i yəni İnstitutun “İonlaşdırıcı şüalanma və radioaktivlik ÖV-nin yoxlanması və kalibrlənməsi şöbəsi” AEBA-nın “IAEA/WHO SSDL Network Charter” elektron şəbəkəsinə rəsmi üzv kimi qəbul edilmiş və bu barədə illik dərc olunan “SSDL Newsletter” məlumat kataloqunun növbəti 69 saylı, aprel 2019-cu il tarixli (İSSN 1001 2669) sayında səh.25 göstərilmişdir (https://www.iaea.org/publications/13549/ssdl-newsletter-issue-no-69-april-2019).
 “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, laboratoriyaya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən “Radioaktiv maddələrdən istifadə ilə əlaqədar”“Ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı” fəaliyyət növlərinə “Xüsusi icazə”lər və “İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik pasportu” verilmişdir.
 
LAYIHƏ 2. AZB/5001
“Alfa, beta və qamma üzrə Spektrometriya (radioaktivlik ölçmələri) laboratoriyası”
Bizim planetdəki bütün canlı orqanizmlər və bitkilər hər zaman daimi olaraq radioaktiv şüalanmanın tə'sirinə mə'ruz qalırlar. Bu radioaktiv şüalanmanın mənbəyi əsas e'tibarilə kosmik şüalar və radionüklidlərdir. Radioaktiv şüalanma bioloji orqanizmlərə öldürücü tə'sir edir və eyni zamanda onsuz Yerdə həyat mövcud ola bilməz. Radioaktiv şüalanma zamanı radioaktiv maddələr insan orqanizminə qida, su, dəri örtüyü, eləcədə təbii radiasiya (radiasiya fonu) vasitəsilə daxil olur.
İnsan orqanizminə düşən radioaktiv elementlərin əsas mənbəyi qida məhsullarıdır. Bunun əsas hissəsini bitki mənşəli məhsullar təşkil edir. Su bu baxımdan böyük əhəmiyyət kəsb etmir. Lakin suda radiumun aktivliyi 10-12 Kü/l və daha çox olduqda o da insan bədəninin radioaktivliyinin formalaşmasında müəyyən rol oynayır.
Təbii radiasiya vasitəsilə insan orqanizminə daxil olan əsas radioaktiv maddələr isə torpaq və dağ süxurlarında rast gəlinən təbii radionuklidlərdir. Təbiətdə indiyə kimi 70-ə qədər təbii radionuklid aşkar edilib.
Ümumiyyətcə təbiətdə, qida məhsullarında, bitki və heyvanlarda, suda, torpaqda, yer qabığında  və s. mövcud olan radionuklidlərin və ya radioizotopların nüvələri zaman keçdikcə, uyğun olaraq alfa, beta və qamma tipli radioaktiv parçalanmaya məruz qalırlar. Bu zaman onların radioaktiv parçalanma sür'ətini- aktivliyini, yə'ni vahid zamanda parçalanan atomların sayını bilmək çox vacibdir.
 
Radionuklidlərin aktivliklərinin təyin edilməsi məqsədilə dünyanın bir çox elmi-tədqiqat institutlarında, universitetlərində, beynəlxalq təşkilatlarda aktivliyin müxtəlif təyinetmə metodları işlənib hazırlanmış, həmçinin bu istiqamətdə Dünya Sağlamlıq Təşkilatı, AEBA və digər  Beynəlxalq təşkilatlar tərəfindən müvafiq sanitar-gigiyenik normalar, standartlar və qaydalar tədbiq edilmişdir. Buna görədə dünyanın bir çox ölkələrində aktivliyin təyin edilməsi sahəsində müasir laboratoriyalar yaradılmış və inkişaf etdirilmişdir.
Azərbaycan Respublikasının neft və sənaye ölkəsi, təbii sərvətlərlə zəngin olduğunu nəzərə alaraq, eləcədə respublikada sosial-iqtisadi inkişafın, infrastrukturun artması ilə əlaqədar ölkəyə idxal və ixrac olunan qida məhsullarının, təbiətdə mövcud olan təbii radionuklidlərin aktivliyinin təyin edilməsi və bu sahədə dəqiq ölçmələrin analizini aparmaq mühüm əhəmiyyət kəsb etmişdir.
Bu məqsədlə də Azərbaycanda “Spektrometrik laboratoriyanın (radioaktivlik)” yaradılması məqsədəuyğun hesab edilmiş və Texniki Əməkdaşlıq üzrə Çərçivə Proqramına əsasən “Spektrometriya (alfa, beta və qamma üzrə) laboratoriyasının” yaradılması layihəsi AEBA-nın 2014-2015-ci illər üzrə Fəaliyyət planına daxil edilmişdir (AZB/5001). Laboratoriyanın yaradılmasının əsas məqsədi respublikada mövcud olan spektrometrlərin kalibrlənməsinin və yoxlanmasının, eyni zamanda ərzaq və qeyri-ərzaq məhsullarının, tikinti materiallarının, suyun, torpağın və s. radionuklid analizinin aparılmasının təmin edilməsindən ibarətdir. Hazırda bu laboratoriyada “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin balansında yerləşir və “İonlaşdırıcı şüalanma və radioaktivlik ölçmə vasitələrinin kalibrlənməsi və yoxlanması” şöbəsi kimi fəaliyyət göstərir”.
Spektrometriya laboratoriyası 3 sahə üzrə yaradılmışdır: alfa, beta və qamma. Layihə çərçivəsində bütün alfa, beta və qamma tipli əsas spektrometrik avadanlıqlar  AEBA tərəfindən təchiz olunmuşdur. Həmçinin laboratoriya əməkdaşları AEBA-nın maliyyə vəsaiti hesabına Avstriya və Türkiyədə uzun müddətli təlim kursunda iştirak etmiş və beynəlxalq sertifikat almışlar.
Laboratoriyanın istiqamətləri aşağıdakı kimidir:
Qamma spektrometrik laboratoriyası:
Laboratoriyada mövcud olan CANBERRA şirkətinin istehsalı Ge-dedektorlu qamma spektrometr və onun köməkçi vasitələri AEBA tərəfindən təchiz olunmuşdur.
Burada aşağıdakı sınaqların aparılması mümkündür:
  • inşaat materiallarında (sement, qum, keramzit, çınqıl, kərpic, kubik, daş, mərmər, tapet daşlar, kafel-metlax və s.) K-40, Th-232, Ra-226, Cs-137 qamma radionuklidlərinin analiz edilməsi və aktivlik vahidlərinin təyin edilməsi;
  • qida məhsullarında (çay, qəhvə, buğda, arpa, qarabaşaq, qarğıdalı, düyü, vələmir, darı, çovdar, bulqur, şokolad, konfetler, un və un məhsulları, ət və ət məhsulları və s.) Cs-137/134 qamma radionuklidlərinin analiz edilməsi;
  • laboratoriyada olan standart radioaktiv mənbələrin və aktivliyi məlum olan standart nümunələrin köməyilə respublikada mövcud olan digər qamma spektrometrlərin yoxlanılması.
Beta spektrometrik laboratoriyası:
Laboratoriyada mövcud olan Hidex şirkətinin istehsalı TDSR tipli Maye Stintilyasyon Beta spektrometr və ölçmə qabları AEBA tərəfindən təchiz olunmuşdur.
Hazırda laboratoriyada aşağıdakı sınaqların aparılması mümkündür:
  • Sularda cəm alfa-beta analizi;
  • Rn-222 təyin edilməsi
Digər beta radionuklidlərinin analiz edilməsi üçün laboratoriya inkişaf etdirilir.
Alfa spektrometrik laboratoriyası:
Laboratoriyada mövcud olan CANBERRA şirkətinin istehsalı Alfa spektrometr və onun köməkçi vasitələri AEBA tərəfindən təchiz olunmuşdur.
Alfa spektrometrik laboratoriyasının əsas məqsədi qida məhsullarında və sularda U-234/238, Ra-226, Pu-238/239/240, Am-241, Th-232, Po-210 alfa radionuklidlərinin təyin edilməsindən ibarətdir. Alfa analizlərinin həyata keçirilməsi üçün laboratoriya hazırda inkişaf etdirilir.
Laboratoriyanın tədbiq sahələri bunlardır: respublikada mövcud olan  digər spektrometrik avadanlıqların metroloji təminatı, ətraf mühitin monitorinqi, inşaat materiallarının, qida məhsullarının radiometrik nəzarəti, kənd təsərrüfatı, müalicə-diaqnostika.
Bu sahədə işləri həyata keçirmək üçün beynəlxalq, regional, yerli norma və standartlara istinad edilir:
  • ASTM-E181 “Dedektorların kalibrlənməsi və radionuklidlərin analizləri üçün standart sınaq metodları”
  • ГОСТ 30108-94 ЕРН. “İnşaat materialları və xammalları. Təbii radionuklidlərin xüsusi aktivliklərinin təyini”. Dövlətlərarası standart.
  • ГОСТ 32161-2013. “Qida məhsulları. Cs137-nin təyin edilməsi metodu”.
  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərin təsdiq edilməsi haqqında 25 saylı 30.04.2010-cu il tarixli ƏMRi.
  • ASTM-D7283-13. “İçməli suda maye stintilyasion spektrometr ilə alfa və beta radionuklidlərinin aktivliyinin təyini üçün standart sınaq metodları”
  • EPA-905.0. “İçməli suda radioaktiv Sr-90-nın təyin edilməsi”
  • İSO 9698. “İçməli suda H-3-un təyin edilməsi” və s
 

 
LAYIHƏ 3. AZB/9009
“Radon etalon kalibrləmə laboratoriyası”
Azərbaycan Respublikasında son illər ərzində əldə edilmiş iqtisadi inkişaf ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli və insan həyatının təhlükəsizliyinin təmin edilməsini dövlət siyasətinin prioritet istiqamətlərinə çevirməyə imkan yaratmışdır. Son illər ölkədə əhalinin rifahının və həyat təhlükəsizliyinin yüksəldilməsi və sağlamlığının qorunması üçün irimiqyaslı dövlət proqramları, milli layihələr həyata keçirilmişdir.
Ətraf hələdə mühitdə radiasiyanın insan sağlamlığına təsiri ilə bağlı bəzi həll ediləsi problemlər vardır. Radiasiya yer kürəsində həmişə mövcud olub: insanın, hətta həyatın, əmələ gəlməsinə qədər. Təbii radiasiya bizi bütün həyatımız boyu müşayiət edir. Lakin, nisbətən yaxın zamanlarda məlum olmuşdur ki, insan sağlamlığı üçün ən təhlükəli təbii radiasiya mənbəyi radioaktiv qaz radon və onun parçalanma məhsullarıdır. Müxtəlif ölkələrdə aparılmış hesablamalar göstərmişdir ki, insanın bütün radiasiya mənbələrindən aldığı dozanın təqribən yarısı radonun təsiri ilə əlaqədardır. Radon və onun digər izotopu toron radium izotoplarının radioaktiv parçalanması nəticəsində əmələ gəlir. Radium hər yerdə yayılmışdır, müxtəlif tərkibli qruntlarda (torpaqlarda) rast gəlinir və buradan da su hövzələrinə, bitkilərə və s. keçir. Yerdən ayrılan radonun (toronun) miqdarı burada radiumun konsentrasiyasından, qruntun xassələrindən və s. asılıdır və yer kürəsinin müxtəlif yerlərində, ayrıca ölkədə və ya regionda əhəmiyyətli dərəcədə fərqli olur. Bir çox ölkədə (ABŞ, Kanada, Avropa ölkələri, Avstraliya və s.) yer səthindən radonun (toronun) yüksək dərəcədə ayrılması və ya otaqların havasında radonun (toronun) miqdarının yüksək olması zonalarının (radon riskli zonaların) müəyyən edilməsi məqsədilə tədqiqatlar aparılmış və ya hal-hazırda aparılır. Havasında radonun miqdarı yolverilən səviyyəni aşan yaşayış, ictimai və iş yerlərinin aşkar edilməsi məqsədilə minlərlə binalar müayinə olunur. Müayinə olunmuş binaların sayının belə evlər Böyük Britaniyada 10%-ni, Portuqaliyada 8,6%-ni, Cənubi Norveçdə 10%-ni təşkil etmişdir. Məsələn, Sloveniyada Milli Radon Proqramı çərçivəsində 1990-1994-cü illər ərazində 730 uşaq evi və 890 məktəb müayinə edilmişdir ki, bunlardan müvafiq olaraq 47-si (6,4%) və 77-sində (8,7%) radonun konsentrasiyası bu ölkədə yolverilən 400 Bk/m3 “plankasını” aşmışdır.
Radonun insan sağlamlığı üçün təhlükəsi dərəcəsinin qiymətləndirilməsi üzrə müxtəlif məlumatlar vardır. Məsələn, Böyük Britaniyada ildə 1500-dən 2500-ə qədər ağciyər xərçəngi hallarının olduğu göstərilir, ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin mütəxəssisləri hesab edir ki, orada hər il radonun təsiri nəticəsində ağciyər xərçəngindən 7 mindən 30 minə qədər insan həlak olur.
Bir çox alimlər radon təsirinin, əhəmiyyətinə görə, insanda ağciyər xəstəliyinin ikinci (siqaret çəkməkdən sonra) səbəbi olduğunu hesab edir. RQBK ekspertlərinin rəyinə görə, uşaqların və 20 yaşına qədər cavanların sağlamlığına radonun təsiri daha çox təhlükəlidir.
İnsan radonla əlaqədar dozanın əsas hissəsini qapalı yerlərdə alır. Mütəxəssislərin rəyinə görə, mülayim iqlimli regionlarda qapalı yerlərdə radonun konsentrasiyası orta hesabla təqribən 5-8 dəfə açıq havadakından yüksəkdir. Əksər hallarda, bünövrə çatlarından sızaraq, radon otaqlara qruntdan daxil olur, lakin, onun tikintidə istifadə edilmiş materiallardan, xarici havanın və məişət məqsədləri ilə istifadə olunan təbii qazın, eləcədə suyun tərkibində də daxil olması mümkündür. Yaşayış yerlərində “radon yükünün” adı çəkilən formalaşma mənbələrinin hər birinin nisbi payı aşağıdakı kimi qiymətləndirilir (ortalaşmış qiymətləndirmə): bina altı qrunt və tikinti materialları – 78%, xarici hava – 13%, evdə istifadə olunan su – 5%, təbii qaz – 4%.
Rusiya Federasiyasının Səhiyyə Nazirliyi otaqların havasında radon və toronun parçalanma məhsullarının ortaillik ekvivalent tarazlı həcmi aktivliyi üçün aşağıdakı nəzarət səviyyələrini təyin etmişdir: evlərin layihələşdirilməsi zamanı – 100 Bk/m3, mövcud mənzillər üçün – 200 Bk/m3. Avropa Birliyi ölkələrində radiasiyadan qorunma üzrə ekspertlər tərəfindən radonun ortaillik həcmi aktivliyi üçün aşağıdakı nəzarət səviyyələri tövsiyə edilmişdir: layihələşdirilən yaşayış binaları üçün – 200 Bk/m3, istismar edilənlər üçün – 400 Bk/m3.
AEBA GSR-3 Əsas Beynəlxalq Təhlükəsizlik Standartlarında üzv-ölkələrinə yaşayış yerlərinin havasında radonun ortaillik aktivlik konsentrasiyası üçün 300 Bk/m3 nəzarət səviyyəsinin qəbul edilməsini tövsiyə edir ki, bu da radon və onun parçalanma məhsullarından şüalanmaya məruz qalma hesabına 10 mZv illik effektiv dozaya uyğundur.
Azərbaycan Respublikasında otaqların havasında radonun ortaillik tarazlı həcmi aktivliyi yalnız 1993-cü ildə qəbul olunmuş “Azərbaycan Respublikasında tikintidə və tikinti materiallarında radiasiya nəzarəti haqqında müvəqqəti göstərişlər” adlı PTH 31-93 nömrəli sənədlə normalaşdırılır və bu sənəd müasir standartlara və beynəlxalq təşkilatların tövsiyə və tələblərinə cavab vermir.
Bir sıra ölkələrdə radon probleminin həlli üzrə təcrübə artıq toplanmışdır. Xüsusi radon proqramı 15 ildir ki, İsveçdə, ABŞ-da – 1985 ildən başlayaraq, Böyük Britaniya və bəzi digər Avropa ölkələrində – 1987 ildən başlayaraq və s. fəaliyyət göstərir. MDB ölkələrində də analoji tədqiqatlar aparılır. 1989-cu ildən başlayaraq Ukraynada radonun monitorinqi keçirilir. 1994-cü ildən Rusiyada “Radon” proqramı fəaliyyətdədir.
Azərbaycanda bu proqram Nazirlər Kabinetinin 31.07.2014-cü il tarixli, 236 saylı Qərarı ilə təsdiq edilmişdir («Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında) və icrası müvafiq qanunverici orqan tərəfindən həyata keçirilir (AR FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi). Proqramın əsas məqsədi “Radonun təsiri ilə əlaqədar əhalinin ionlaşdırıcı şüalanmaya məruz qalmasına Dövlət Nəzarət Sisteminin təşkilinə və mövcud radon riskinin azaldılmasına dair təkliflərin hazırlanması”ndan ibarətdir. Proqramın həyata keçirilməsi üçün mühüm vəzifələr irəli sürülmüş və müvafiq Tədbirlər Planı işlənib hazırlanmışdır. Lakin proqramda göstərilən işlərin icrası böyük maliyyə vəsaiti tələb edir.
Ümumilikdə isə yuxarıda qeyd etdiyimiz kimi, bütövlükdə bu işləri həyata keçirmək, Azərbaycanda radon problemini aradan qaldırmaq və  xüsusən də ölkədə radon ölçmələrini aparmaq və dəqiq nəticələr əldə etmək məqsədilə, həmçinin beynəlxalq norma və standartları nəzərə alaraq, qanunvericiliyə uyğun olaraq, respublikada bu istiqamətdə etalon metroloji laboratoriyasının yaradılması zəruri hesab edilmişdir.
Bu məqsədlə də, İnstitutumuzun AEBA ilə daim Texniki Əməkdaşlığını nəzərə alaraq, “Radon etalon kalibrləmə laboratoriyası”nın yaradılması layihəsi AEBA-ya təklif edilmiş və İnsitutun balansında “Radon ölçmələri üzrə etalon kalibrləmə və yoxlama laboratoriyası”nın yaradılması layihəsi (AZB/9009) AEBA-nın 2018-2019-cu illər üzrə Fəaliyyət Planına daxil edilmişdir. Eyni zamanda yuxarıda qeyd etdiyimiz kimi, ölkənin “Radon Proqramında (Radon Action Plan-RAP)” qarşıya qoyulan məsələlərin icrasını həyata keçirmək böyük maliyyə vəsaiti tələb etdiyindən, AR FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən bu layihələrin birgə həyata keçirilməsi ilə bağlı AEBA-ya təklif verilmişdir. Nəticədə AEBA tərəfindən bu layihələrin AR FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxslə birgə işlənməsi təsdiq edilmiş və layihənin müddəti 2020-ci ilə qədər uzadılmışdır. Layihənin icrası hər iki tərəf öz öhdəliklərini nəzərə alaraq həyata keçiriləcəkdir, lakin əsas tərəf “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsdir. “Radon etalon kalibrləmə laboratoriyası” İnstitutun “İonlaşdırıcı şüalanma və radioaktivlik ÖV-nin kalibrlənməsi və yoxlanması” şöbəsinin nəzdində fəaliyyət göstərəcəkdir. Bu laboratoriyanın yaradılmasında əsas məqsəd radon ölçmələrində istifadə olunan əsas cihazların, aktiv və passiv dedektorların, monitorların və s. yoxlanması və kalibrlənməsidir. Laboratoriyanın əsas etalon kalibrləmə qurğusu və müvafiq aktivlikli Ra-226 izotopu AEBA tərəfindən təchiz olunacaqdır. Eyni zamanda bu sahədə mütəxəssislərin beynəlxalq təlim kurslarında iştirak etməsi AEBA-nın maliyyə vəsaiti hesabına həyata keçiriləcəkdir.
Hal-hazırda layihənin icrası davam etdirilir.
Image