Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    
Image
 Azərbaycan Metrologiya İnstitutu haqqında
Azərbaycan Metrologiya İnstitutu  publik hüquqi şəxs (bundan sonra – İnstitut) “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən ləğv edilən Dövlət Metrologiya Xidmətinin bazasında yaradılmışdır.
İnstitutun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
– dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması (və yaxud yaradılması) qorunub saxlanılması, tutuşdurulması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinin təmin edilməsi;
– işçi etalonların və ölçmə vasitələrinin kalibrlənməsinin həyata keçirilməsi və  muvafiq sertifikatın verilməsi;
– kəmiyyət vahidinin ötürılməsi ilə yanaşı,  təsərrüfat subyektləri ilə bağlanmış müqavilə əsasında  dövlət tənzimlənməsinin müvafiq sahələrinə aid olan ölçmə vasitələrinin muqayisəli yoxlanılması və muvafiq  şəhadətnamənin verilməsi;
– ölkəyə idxal olunan ölçmə vasitələrinin tipə uyğunluğun təsdiqinin tanınması məqsədi ilə təqdim olunan sənədlərin metroloji ekspertizasının keçirilməsi;
– ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi və dövlət reyestrinin aparılması;
– ölçmə metodikalarının (metodlarının) attestasiya edilməsi;
– tibbi və ya əczaçılıq fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə təsdiqedici sənədin verilməsi;
– beynəlxalq və regional metrologiya təşkilatları çərçivəsində milli etalonların tutuşdurulmasında iştirak etmək;
–  metrologiya üzrə beynəlxalq və  regional təşkilatlarda təmsil olunmaq və s.
Həmçinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3. maddəsinə əsasən,  ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə  nəzarət edilməsi.
İnstitut öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları  və öz Nizamnaməsini rəhbər tutur.
İnstitut  öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
İnstitut müstəqil balansa, sərəncamında olan əmlakına, banklarda hesablara, habelə xəzinə hesablarına, üzərində öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara, loqotipə (emblemə) və blanklara malikdir.
Hal-hazırda İnstitutuda aşağıdakı milli etalon laboratoriyaları fəaliyyət göstərirlər:
–Temperatur dövlət etalonları laboratoriyası;
– Kütlə dövlət etalonları laboratoriyası;
–Elektrik kəmiyyətləri dövlət etalonları laboratoriyası;
–Vaxt və tezlik dövlət  etalonları laboratoriyası;
–Təzyiq dövlət etalonları laboratoriyası;
–İonlaşdırıcı şüalanma dövlət etalonları laboratoriyası;
–Sıxlıq dövlət etalonları laboratoriyası;
–Özlülük dövlət etalonları laboratoriyası.
Həmçinin İnstitutuda aşağıda qeyd edilən ölçmə vasitələrinin  yoxlanılması və kalibrlənməsi laboratoriyaları fəaliyyət göstərir:
–Təzyiq, sərf və həcm ölçmə vasitələrinin  yoxlanılması və kalibrlənməsi laboratoriyası;
–Elektrik və radiotexniki ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi  laboratoriyası;
–Kütlə, həndəsi və mexaniki ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası;
–Temperatur ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası;
–Fiziki-kimyəvi  və optiki-fizika ölçmə  vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası;
–İonlaşdırıcı şüalanma və radioaktivlik ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası.
     O cümlədən İnstitutun müvafiq fəaliyyət itiqamətləri üzrə 5  Regional Ərazi İdarəsi fəaliyyət göstərir:
–  Şimal Regional Ərazi İdarəsi;
–  Cənub Regional Ərazi İdarəsi;
–  Qərb  Regional Ərazi İdarəsi;
–  Şimal-Qərb  Regional Ərazi İdarəsi;
–  Aran Regional Ərazi İdarəsi.

Metrologiya üzrə beynəlxalq və regional təşkilatlarla əlaqələr:
Hazırda İnstitut metrologiya üzrə 2 beynəlxalq və 3 regional təşkilatda Azərbaycan Respublikasını təmsil edir:
  –Çəkilər və Ölçülər üzrə Baş Konfrans (CGPM);
  –Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatı (OIML);
  –Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (COOMET);
 –Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB ölkələrinin Dövlətlərarası Şurası (МГС).  
 –İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutu (SMIIC).
Həmçinin digər  xarici ölkələrin Milli Metrologiya İnstitutları ilə sıx əməkdaşlıq edir.
O cümlədən,  28 yanvar 2015-ci il tarixdə Azərbaycan Metrologiya İnstitutu tərəfindən “Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Saziş (CIPM MRA) imzalanmışdır.
Uyğunluğunun  qiymətləndirilməsi
2017-ci ilin noyabr ayında KOOMET Regional Metrologiya Təşkilatının (Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı) beynəlxalq ekspertləri tərəfindən İnstitutun Keyfiyyəti İdarəetmə Sisteminin ISO/IEC 17025 beynəlxalq standartının tələblərinə uyğunluğunun  qiymətləndirilməsi aparılmışdır.   
Auditin nəticələrinə əsasən, 31 yanvar 2018-ci il tarixində KOOMET-in “Keyfiyyət Forumunun Texniki komitəsi”nin 24-cü iclasının Qərarı ilə Azərbaycan Metrologiya İnstitutuna ISO/IEC 17025 beynəlxalq standartın tələblərinə uyğunluğunu təsdiq edən 31 yanvar 2018-ci il tarixli QSF - R53 nömrəli  “Tanınma haqqında Şəhadətnamə” verilmişdir. “Tanınma haqqında Şəhadətnamə” 5 il müddətinə verilmişdir (31 yanvar 2023-cü ilə qədər qüvvədədir).

Hüquqi sənədlər 
23 fevral 2018-ci il  tarixli 1008-VQD nömrəli  “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu;
5 aprel 2018-ci il tarixli 1916 nömrəli  “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqinda” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1008-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı;
20 aprel 2018-ci il tarixli 5 nömrəli “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.