Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    
Image
Ön Söz
       “Azərbaycan Metrologiya İnstitutu” Publik Hüquqi Şəxsi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən, ləğv edilmiş Dövlət Metrologiya Xidmətinin bazasında yaradılmışdır. İnstitut ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlətin funksiyalarını yerinə yetirən yeganə milli xidmət orqanıdır. İnstitut metroloji xidmət sahəsində 50 ildən artıq iş təcrübəsinə, ən müasir texniki imkanlara və 172 nəfər yüksək səviyyəli kadr potensialına malikdir. İnstitut müasir üslubda tikilmiş yeni binada yerləşir. Hazırda İnstitutun binasında Milli Etalonların saxlanıldığı 8 laboratoriya və ölçmə vasitələrinin yoxlanılmasını və kalibrlənməsini yerinə yetirən 9 laboratoriya fəaliyyət göstərir. İnstitut Azərbaycan Respublikasının milli etalonlarının saxlayıcısıdır. İnstitut kəmiyyət vahidlərinin ölçüsünü ilkin dövlət etalonlarından işçi etalonlara ötürməklə yanaşı, bütün tiplərdən olan ölçmə vasitələrinin yoxlanılmasını və kalibrlənməsini həyata keçirir. Institutun Qanunverici metrologiya departamenti ölçmə vasitələrinin tipinin təsdiqi və xarici ölkələrdə təsdiq edilmiş tipin Azərbaycan Respublikasında tanınması, həmçinin ölçmə vasitələrinin Dövlət Reyestrinin aparılması üzrə fəaliyyəti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2018-ci il tarixli 1916 nömrəli Fərmanının 3.3 bəndinə əsasən, Azərbaycan Respublikası ərazisində ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə nəzarəti “Azərbaycan Metrologiya İnstitutu” Publik Hüquqi Şəxsi həyata keçirir. İnstitutun Keyfiyyəti İdarəetmə Sistemi beynəlxalq səviyyədə tanınmışdır. Hazırda İnstitut tərəfindən verilən yoxlama şəhadətnamələri və kalibrləmə sertifikatları beynəlxalq səviyyədə tanınır.
     Qeyd etmək lazımdır ki, İnstitutun Keyfiyyəti İdarəetmə Sisteminin İSO/İEC 17025 beynəlxalq standartının tələblərinə uyğunluğu beynəlxalq ekspertlər qrupu tərəfindən qiymətləndirilmiş və bu barədə müvafiq təsdiqedici sənəd təqdim edilmişdir. Ümumiyyətlə, Azərbaycan Metrologiya İnstitutunun Keyfiyyəti İdarəetmə Sisteminin Beynəlxalq səviyyədə tanınması, ölkəmizin  metrologiya sahəsində əldə etdiyi böyük nailiyyətdir.
    Azərbaycan Metrologiya İnstitutu Azərbaycan Respublikasının üzv olduğu iki beynəlxalq (Çəkilər və Ölçülər üzrə Baş Konfrans, Qanunverici Metrologiyanın Beynəlxalq Təşkilatı) və üç regional (KOOMET, MQS, SMİİC) metrologiya təşkilatlarında ölkəmizi təmsil edir. İnstitutun əməkdaşları Almaniya, Çexiya, Türkiyə, Cənubi Koreya, Avstriya, Fransa, Rusiyanın, Ukraynanın və Belorusun metrologiya institutlarında uzunmüddətli təlimlər keçmiş və müvafiq sertifikatlar almışlar. Azərbaycan Metrologiya İnstitutunun Bakı şəhərindən əlavə, respublikamızın beş bölgəsində müvafiq metroloji avadanlıqlar və ixtisaslı kadrlarla təmin edilmiş Ərazi İdarələri fəaliyyət göstərir. Yaxın gələcəkdə İnstitutda maye sərfi, qaz sərfi, həcm, uzunluq, qüvvə, nəmlik, akustika, fotometriya, kolorimetriya və s. kəmiyyət vahidlərinin  yeni etalon laboratoriyalarının yaradılması nəzərdə tutulmuşdur.
     Əsas hədəfimiz ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlətin siyasətini həyata keçirməklə, Azərbaycan Respublikasının  ərazisində aparılan bütün ölçmələrin tələb olunan dəqiqliyini təmin etməkdir, çünki dəqiq ölçmələr – keyfiyyətin və təhlükəsizliyin əsasıdır.