Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    
Image
 "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxs haqqında
Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs (bundan sonra – İnstitut) “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən ləğv edilən Dövlət Metrologiya Xidmətinin bazasında yaradılmışdır.
İnstitutun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
– dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması (və yaxud yaradılması) qorunub saxlanılması, tutuşdurulması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinin təmin edilməsi;
– ilkin kəmiyyət vahidi etalonlarının və ölçmə vasitələrinin kalibrlənməsinin həyata keçirilməsi və müvafiq sertifikatın verilməsi;
– kəmiyyət vahidinin ötürülməsi ilə yanaşı, təsərrüfat subyektləri ilə bağlanmış müqavilə əsasında dövlət tənzimlənməsinin müvafiq sahələrinə aid olan ölçmə vasitələrinin yoxlanılması və yoxlamanın nəticələrindən asılı olaraq müvafiq sənədlərin verilməsi;
– ölkəyə idxal olunan ölçmə vasitələrinin tipə uyğunluğun təsdiqinin tanınması məqsədi ilə təqdim olunan sənədlərin metroloji ekspertizasının keçirilməsi;
– ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi və tipi təsdiq edilmiş ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilməsi;
– ölçmə metodikalarının (metodlarının) attestasiya edilməsi;
– beynəlxalq və regional metrologiya təşkilatları çərçivəsində milli etalonların tutuşdurulmasında iştirak etmək;
– ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun aparılması;
– metrologiya üzrə beynəlxalq və  regional təşkilatlarda təmsil olunmaq və s.
Həmçinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3. maddəsinə əsasən, ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə  nəzarət edilməsi.
İnstitut öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və öz Nizamnaməsini rəhbər tutur.
İnstitut  öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
İnstitut müstəqil balansa, sərəncamında olan əmlakına, banklarda hesablara, habelə xəzinə hesablarına, üzərində öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara, loqotipə (emblemə) və blanklara malikdir.

Hal-hazırda İnstitutda aşağıdakı milli etalon laboratoriyaları fəaliyyət göstərirlər:
– Temperatur dövlət etalonları laboratoriyası;
– Kütlə dövlət etalonları laboratoriyası;
– Elektrik kəmiyyətləri dövlət etalonları laboratoriyası;
– Vaxt və tezlik dövlət  etalonları laboratoriyası;
– Təzyiq dövlət etalonları laboratoriyası;
– İonlaşdırıcı şüalanma dövlət etalonları laboratoriyası;
– Sıxlıq dövlət etalonları laboratoriyası;
– Özlülük dövlət etalonları laboratoriyası.
Həmçinin İnstitutda aşağıda qeyd edilən ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyaları fəaliyyət göstərir:
– Təzyiq, sərf və həcm ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası;
– Elektrik və radiotexniki ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası;
– Kütlə, həndəsi və mexaniki ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası;
– Temperatur ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası;
– Fiziki-kimyəvi və optiki-fizika ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası;
– İonlaşdırıcı şüalanma və radioaktivlik ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyası.
O cümlədən İnstitutun müvafiq fəaliyyət itiqamətləri üzrə 5 Regional Ərazi İdarəsi fəaliyyət göstərir:
– Şimal Regional Ərazi İdarəsi;
– Cənub Regional Ərazi İdarəsi;
– Qərb Regional Ərazi İdarəsi;
– Şimal-Qərb Regional Ərazi İdarəsi;
– Aran Regional Ərazi İdarəsi.

Metrologiya üzrə beynəlxalq və regional təşkilatlarla əlaqələr:
Hazırda İnstitut metrologiya sahəsi üzrə beynəlxalq və regional təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir:
– Çəkilər və Ölçülər üzrə Baş Konfransda (CGPM);
28 yanvar 2015-ci il tarixdə Azərbaycan Metrologiya İnstitutu tərəfindən “Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Saziş (CIPM MRA) imzalanmışdır.
– Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatında (OIML);
– Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatında (COOMET);
– Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB ölkələrinin Dövlətlərarası Şurasında (МГС).  
   
İnsitut Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) və İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutu ilə (SMIIC) sıx əməkdaşlıq edir.
 
Uyğunluğunun qiymətləndirilməsi
2017-ci ilin noyabr ayında KOOMET Regional Metrologiya Təşkilatının (Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı) beynəlxalq ekspertləri tərəfindən İnstitutun Keyfiyyəti İdarəetmə Sisteminin ISO/IEC 17025 beynəlxalq standartının tələblərinə uyğunluğunun qiymətləndirilməsi aparılmışdır.   
Auditin nəticələrinə əsasən, 31 yanvar 2018-ci il tarixində KOOMET-in “Keyfiyyət Forumunun Texniki komitəsi”nin 24-cü iclasının və 20 noyabr 2020-ci il tarixindəki 29-cu iclasının Qərarı ilə Azərbaycan Metrologiya İnstitutuna ISO/IEC 17025 beynəlxalq standartın tələblərinə uyğunluğunu təsdiq edən 31 yanvar 2018-ci il tarixli QSF - R53 nömrəli və 20 noyabr 2020-ci il tarixli QSF - R71 nömrəli “Tanınma haqqında Şəhadətnamə” verilmişdir. “Tanınma haqqında Şəhadətnamə” 5 il müddətinə verilmişdir (31 yanvar 2023-cü ilə qədər qüvvədədir).


Hüquqi sənədlər
13 iyun 2013-cü il  tarixli 686-IVQ nömrəli “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu;
9 iyun 2014-cü il tarixli 187 nömrəli “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı;
16 dekabr 2014-cü il tarixli 392 nömrəli “Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı;
16 dekabr 2014-cü il tarixli 394 nömrəli “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in və “Yoxlama haqqında şəhadətnamənin forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı;
23 fevral 2018-ci il tarixli 1008-VQD nömrəli “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu;